26 fevral 2026-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) biri olan “Sağlam həyatın təmin edilməsi və hər yaşda rifahın təşviqi” istiqaməti çərçivəsində maarifləndirici tədbir təşkil olunub.
Universitetin 1 saylı tədris binasının Qiraət zalında keçirilən tədbir ADU-nun Strateji inkişaf və planlama şöbəsi, PR Point şirkəti və Zəhra Klinikası ilə birgə əməkdaşlıq əsasında baş tutub. Müəllimlər, inzibati heyət və tələbələr üçün nəzərdə tutulan “Peşəkar tükənmə və psixi dayanıqlılıq” mövzusunda tədbirin əsas məqsədi akademik mühitdə psixi sağlamlığın qorunması və peşəkar tükənmə sindromunun qarşısının alınması olub.
Eyni zamanda, tədbir çərçivəsində emosional rifahın gücləndirilməsi istiqamətində elmi-praktik biliklərin paylaşılması həyata keçirilib. Tədbirdə Filologiya fakültəsinin Dil və Ədəbiyyat müəllimliyi ixtisasının 258-260 qrup tələbələri fəal iştirak edib.
Tədbirin açılış nitqini Strateji inkişaf və planlama şöbəsinin rəhbəri Röya Əliyeva edib. O, çıxışında Dayanıqlı İnkişaf Məqsədlərinin ali təhsil müəssisələri üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq bildirib: “Sağlam və dayanıqlı akademik mühit formalaşdırmaq universitetin strateji inkişaf baxışının əsas komponentlərindəndir. Müəllim və inzibati heyətin psixi rifahı birbaşa tədrisin keyfiyyətinə və institusional səmərəliliyə təsir göstərir.
Bu kimi maarifləndirici təşəbbüslər Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına real töhfədir.” Daha sonra PR Point şirkətinin rəhbəri Aida Ramiz çıxış edərək qeyd edib: “Peşəkar tükənmə artıq fərdi deyil, institusional səviyyədə diqqət tələb edən bir məsələdir. Bu mövzuda açıq müzakirə platformasının yaradılması həm maarifləndirmə, həm də preventiv yanaşma baxımından mühüm əhəmiyyət daşıyır.” Tədbirdə universitetdən kənar mütəxəssislər — psixiatr-psixoterapevt Lalə Məmmədova və klinik psixoloq Mirşahin Əlizadə iştirak ediblər.
Lalə Məmmədova “Müəllimin psixogigiyenası: peşəkar tükənmədən necə qorunmalı?” mövzusunda çıxış edərək peşəkar tükənmə sindromunun yaranma səbəbləri, risk faktorları, xroniki stressin psixi və somatik təsirləri, eləcə də profilaktik yanaşmalar barədə ətraflı məlumat verib. O, müəllim peşəsinin yüksək emosional məsuliyyət tələb etdiyini vurğulayaraq psixogigiyena qaydalarına riayət etməyin vacibliyini qeyd edib.
Mirşahin Əlizadə isə “Şüuraltının gücü” mövzusunda təqdimatla çıxış edib. O, emosional yüklənmənin idarə olunması, şüuraltı inancların davranış və qərarvermə proseslərinə təsiri, psixi dayanıqlılığın formalaşdırılması mexanizmləri barədə elmi-praktik izahlar təqdim edib, həmçinin auditoriya ilə interaktiv müzakirələr aparıb. Tədbirdə iştirakçıların sualları cavablandırılıb və praktik tövsiyələr paylaşılıb. Görüş çərçivəsində akademik mühitdə sağlam psixoloji iqlimin formalaşdırılması, iş–həyat balansının qorunması və institusional səviyyədə dəstək mexanizmlərinin əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, ADU-da bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində universitetin strateji inkişaf prioritetlərinə uyğun olaraq davamlı xarakter daşıyır.



